logo

Kiyevdən Bakıya gətirilən 197 soydaşımızdan 29-da virus aşkarlandı

17:38 16-05-2020 | icon 2121
Kiyevdən Bakıya gətirilən 197 soydaşımızdan 29-da virus aşkarlandı

"AZAL"ın iki gün əvvəl Ukrayna paytaxtından çarter reysi ilə Bakıya gətirdiyi 197 vətəndaşımızdan 29-da koronovirus aşkarlanıb.  

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

"Məlum olduğu kimi, mövcud qlobal COVID-19 pandemiyası çərçivəsində Azərbaycan Respublikasının xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının təxliyəsi davam etdirilir. Bu ilin 14 may tarixində AZAL-ın Kiyev-Bakı çarter reysi ilə 197 vətəndaşımız ölkəyə geri dönüb. Vurğulamaq istərdim ki, geri qayıdan vətəndaşlarımızın hamısı müvafiq müayinədən keçirilib, karantin rejiminə alınıb. Təəssüflə bildirmək istərdik ki, müayinə nəticəsində geri qayıdan vətəndaşlarımızdan 29-da COVID-19 testi müsbət nəticələnib. Hazırda bu vətəndaşlarla əlaqədar zəruri tibbi müdaxilə edilir və təbii ki, onların təmaslarının da karantin rejimində nəzarəti və müayinəsi həyata keçirilir",-deyə Leyla Abdullayeva bildirib.

XİN rəsmisi daha sonra əlavə edib ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının da ciddi tövsiyələrinə uyğun olaraq, özünütəcrid qaydalarına əməl etmənin və mümkün qədər səfərlərdən çəkinmənin vacib olduğunu bir daha göstərir:

"Öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza olduqları ölkələrdə karantin qaydalarına ciddi əməl olunmasının və səfərlərdən çəkinmənin həm özlərinin və yaxınlarının sağlamlığının qorunması, həm də ölkəmizdə infeksiyanın geniş yayılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd etmişik.

Bir daha vətəndaşlarımıza səslənərək, öz sağlamlıqlarının, eləcə də Azərbaycan xalqının sağlamlığının təmin edilməsi naminə mövcud müvəqqəti çətinlik şəraitində anlayış nümayiş etdirmələrini, mümkün olduğu qədər olduqları yerlərdə qalmalarını və səfərlərdən çəkinmələrini xahiş edirik".