logo

RƏSMİ:"Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlayıb"

18:59 09-05-2020 | icon 2170
RƏSMİ:"Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlayıb"

Azərbaycanda koronavirusa yoluxma sayının artması ikinci dalğanın göstəricisidir.

YeniAvropa xəbər verir ki, bu fikri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 9-da keçirilən brifinqində çıxışı zamanı sələndirib.

O, əlavə edib ki, sərt karantin rejimindən çıxdıqdan sonra dünya ölkələrinin məhdudiyyətlər tətbiq etməsi ilə bağlı müəyyən təcrübə var. Türkiyədə həftə sonlarında insanların küçəyə çıxmasına məhdudiyyət qoyulur: "Biz Azərbaycanda statistik məlumatları yaxından izləyirik. Ola bilsin, bayram günlərində və həftə sonları məhdudiyyətlərin tətbiq edilməsi üçün Operativ Qərargaha müraciət edəcəyik".

Ramin Bayramlı bildirib ki,  sərt karantin rejimindən çıxma prosesi davam etsə, turizm sektoru hazırda açıqlanan tibbi göstərişlərə ciddi əməl etməlidir.

TƏBİB-in sədri həmçinin, imtahanlarla bağlı da danışıb. Bildirib ki, imtahanlar zamanı da əməl edilməli olan metodiki göstərişlər açıqlanıb. Həm Dövlət İmtahan Mərkəzi, həm ali məktəblər, həm də orta məktəblərin imtahanlarında bu tibbi göstərişlərə əməl olunmalıdır: "Şagird və valideynləri məsuliyyətli olmağa dəvət edirik. Valideynlərə indidən müraciət edirik ki, ali məktəblərə qəbul imtahanları keçiriləndə imtahan binalarının qarşısına toplaşmasınlar". 

Ramin Bayramlı daha sonra maskalardan kütləvi istifadənin tələbatın artmasına səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, kifayət qədər maska ehtiyatı var: "Amma bu heç birimizə bəhanə kimi əsas vermir. Özümüz evlərdə parçalardan maskalar hazırlaya bilərik. Bununla bağlı təşviqat materialları yayımlanır. İctimai nəqliyyatda da maskalardan istifadə və dezinfeksiya halları vacibdir".

R.Bayramlı yoluxmanın ikinci dalğasının başlaması səbəbindən tədbirlərin yenidən sərtləşdiilməsi ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, karantin rejiminin yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi. "Bugünkü statistikalar bizə onu deməyə əsas verir ki, təkrar sərt karantin rejiminə ehtiyac yoxdur. Metroda da sərnişinlər üçün xüsusi qaydalar müəyyənləşib”. Onun fikrincə,  vətəndaşlar məsuliyyət olmalıdır: "Ola bilər ki, dediyimiz kimi, bayram günləri və həftə sonları sərt karantin yenidən tətbiq olunsun”.

65 yaşından yuxarı şəxslər hələ də evdən çölə çıxa bilmirlər. R.Bayramlı  o kateqoriyadan olan insanlarla bağlı suala da cavab verib. Biildirib ki, yaxın günlərdə həmin şəxslərlə bağlı qərar  verilə bilər.

"Bu, gündəmdədir. Amma bu, bizim vətəndaşların böyüklər üçün sosial məsafəyə riayət etməsindən və məsuliyyətli olmasından asılıdır. Bununla bağlı Operativ Qərargah qərar verəcək”, - Ramin Bayramlı vurğulayıb.              

"Rayonlarda artıq restoranlar və kafelər fəaliyyətə başlayıb. Bəs restoran və kafelərin fəaliyyətinə Bakıda nə vaxt icazə veriləcək? " sualını cavablandırarkən R.Bayramlı deyib ki, kafe və restoranlar uzun müddət bağlı qala bilməz: "Statistik məlumatlara əsasən, buna qərar verə bilərik. Hazırda ikinci mərhələni yaşayırıq, bu mərhələ üçün də qaydalar var. Bu qaydalara əməl etməsək, yoluxma çox sərt şəkildə arta bilər. Restoranlar və kafelərlə bağlı yaxın günlərdə açıqlama veriləcək".43 faizi 60-69 yaş, 14 faizi 70-79 yaş arasındadır.