logo

2 iranlı Azərbaycanın dövlət sərhəddini pozmaq istədi

15:48 20-03-2020 | icon 2177
2 iranlı Azərbaycanın dövlət sərhəddini pozmaq istədi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Martın 19-da saat 22:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə  Dövlət Sərhəd Xidmətinın Mətbuat Mərkəzindən bildirilib.Qeyd edilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və hər 2 sərhəd pozucusu zərərsizləşdirilib. Sərhəd pozucularının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı tapança və bir ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub. Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kiloqram olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitələr aşkar olunub. Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılıb.

İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucularının qonşu ölkə vətəndaşları olmaları müəyyən edilib.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış keçirib, dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar verib, silahlı sərhəd pozucularının zərərsizləşdirilməsində və narkotik qaçaqmalçılığının qarşısının alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif edib. E.Quliyev Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı təbrik sözlərini sərhəd zastavasının şəxsi heyətinə çatdırıb və bayram münasibətilə təbrik edib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.