logo

İranda hər saatda 50 nəfər koronavirusa yoluxur, 6 nəfər isə ölür

12:30 19-03-2020 | icon 2359
İranda hər saatda 50 nəfər koronavirusa yoluxur, 6 nəfər isə ölür

İranda hər 10 dəqiqədə 1 nəfər koronavirusdan ölür, hər saatda isə 50 nəfər virusa yoluxur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur özünün “Twitter” səhifəsində yazıb.

Martın 19-na olan məlumata görə İranda yoluxanların sayı 17 min 361, ölənlərin sayı 1135, sağalanların sayı isə 5 min 710 nəfərdir.

İranda virusa qarşı mübarizə tədbirləri davam edir.

Qeyd edək ki, bir həftə əvvəl Semnan vilayətində koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 103 yaşlı qadın sağalaraq evə buraxılıb. Bu qadın İranda koronavirusdan sağalan ən yaşlı insandır.

İranın xarici işlər naziri İsveçli həmkarı ilə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı bildirib ki, sanksiyalar virusun yayılmasının qarşısını almaqda böyük əngəllər törədir və günahsız insanlar dünyanın gözü qarşısında həyatını itirirlər.

Nazir ABŞ-ın ötən gün İran şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyaları tənqid edərək onları antihumanist adlandırıb və dünya ictimaiyyətini insanlıq əleyhinə yönəlmiş siyasətə göz yummamağa çağırıb.

Bu arada isə İranda dezinfeksiya işləri davam edir. Dezinfeksiya işlərinə İran ordusunun kimyəvi silahlardan müdafiə qüvvələri də cəlb edilib.