logo

Milli Məclisin Mədəniyyət komitəsi onlayn sistemlə ilk iclasını keçirib

14:10 18-03-2020 | icon 266
Milli Məclisin Mədəniyyət komitəsi onlayn sistemlə ilk iclasını keçirib

Milli Məclisin Mədəniyyət komitəsi martın 18-də onlayn sistemlə ilk iclasını keçirib.

YeniAvropa parlamentin mətbuat xidmətinə istinadla xəbər verir ki, komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirib, dövlətimizin qaydalarına uyğun olaraq komitənin iclasının bu sistemlə keçirilməsi zərurətinin yarandığını vurğulayıb. İclasda əvvəlcə komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə tutulur. Komitə üzvlərinin sənədlərlə bağlı təklifləri dinlənilib, qanunvericilik işləri planı təsdiq edilib.

Sonra “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, sənədlərdə təklif olunan dəyişikliklərin məqsədi “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Qanunun icrası ilə əlaqədardır.

İclasın gündəliyinə daxil edilən digər sənədin - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklərin “Reklam haqqında” Qanuna uyğunlaşdırma məqsədilə aparıldığı qeyd edilib.

Onlayn müzakirələrin sonunda hər iki sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul olunub.