logo

Ukraynada sabahdan metrolar bağlanır

15:10 17-03-2020 | icon 2744
Ukraynada sabahdan metrolar bağlanır

Ukrayna Nazirlər Kabineti təcili iclasda COVİD-19 virusuna qarşı mübarizə, xüsusən virusun yayılmasının qarşısının alınması məqsədilə karantin müddətində ölkə ərazisində metro stansiyalarının bağlanmasına dair prezident Vladimir Zelenskinin təklif etdiyi tədbirlər planını təsdiqləyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladislav Krikliy “Telegram-kanala” müsahibəsində bildirib. Onun sözlərinə görə,  martın 18-də saat 12:00-dan etibarən Kiyev, Xarkov, Dnepr şəhərlərində metro stansiyalarının fəaliyyəti dayandırılır, şəhər ictimai nəqliyyatına - trolleybuslara, avtobuslara, tramvaylara on nəfərdən çox sərnişin götürməyə icazə verilmir.

Hökumət, həmçinin mart ayının 18-dən dəmir yolu, aviasiya, şəhərlərarası və vilayətlərarası avtobuslarla sərnişin daşımalarını qadağan etməyi qərara alıb.

Xatırladaq ki, son məlumata görə, Ukrayna ərazisində COVID-19 virusuna biri ölümlə nəticələnmiş 7 yoluxma hadisəsi qeydə alınıb.