logo

Xalq artisti Rafael Dadaşov son mənzilə yola salınıb

15:33 17-03-2020 | icon 2247
Xalq artisti Rafael Dadaşov son mənzilə yola salınıb

Martın 17-də xalq artisti Rafael Dadaşov son mənzilə yola salınıb.

YeniAvropa xəbər verir ki, mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xalq artistinin məzarı önünə Azərbaycan prezidenti və birinci vitse-prezidenti adından əklil qoyulub.

Məzarın ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər və qərənfillər düzülüb. Vida mərasimində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Rafael Dadaşov dünən günorta saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olub. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil alıb. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışıb, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olub, eyni zamanda orada Televiziya və Radio Komitəsində işləyib.

1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaradıb, ümumilikdə 100-ə yaxın rolda uğurla çıxış edib.

Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış sənətkarın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin.