logo

“ASAN xidmət” sabahdan xüsusi iş rejimində fəaliyyət göstərəcək

20:42 14-03-2020 | icon 329
“ASAN xidmət” sabahdan xüsusi iş rejimində fəaliyyət göstərəcək

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın martın 13-də yaydığı məlumat, habelə Dünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən 19-dək məhdudlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti “ASAN xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək. Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin ediləcəklər.

Martın 15-dən 19-dək sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Bundan əlavə, vətəndaşlara “Elektron hökumət” portalında (https://www.e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.

Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, martın 20-dən 28-dək Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günləri olacaq.