logo

Tramp Abe ilə  “Tokio 2020” Yay Olimpiya Oyunlarını müzakirə etdi

12:57 13-03-2020 | icon 2709
Tramp Abe ilə  “Tokio 2020” Yay Olimpiya Oyunlarını müzakirə etdi

Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp yeni koronavirusun yayılmasına qarşı mübarizəni gücləndirmək istiqamətində əməkdaşlığı möhkəmləndirəcəklər. İki ölkənin liderləri, həmçinin “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkili üçün birgə çalışmaq barədə də razılığa gəliblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə razılıq martın 13-də Yaponiya və ABŞ liderlərinin təqribən 50 dəqiqə davam edən telefon danışığı zamanı əldə edilib.

Ş.Abe deyib ki, onun hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə irimiqyaslı tədbirləri təxirə salıb və sərhəd nəzarətini gücləndirib. O, həmçinin qeyd edib ki, hökumət virusun yayılmasının qarşısını almaq üçün bundan sonra da qətiyyətlə hərəkət edəcək.

D.Tramp öz növbəsində ABŞ-ın virusun yayılmasının qarşısını almaq üçün var gücünü sərf etdiyini deyib.

Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına gəlincə, Ş.Abe qeyd edib ki, Yaponiya tərəfi yarışların cədvələ uyğun olaraq keçirilməsi üçün bütün lazımi addımları atır.

D.Tramp Yaponiyanın bu istiqamətdə şəffaf fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, Ş.Abe ilə telefon danışığından əvvəl D.Tramp öz “Twitter” səhifəsində Tokioda keçiriləcək Oyunların bir il sonra təşkilinin mümkünlüyü barədə yazıb. Lakin Yaponiya hökumətindəki mənbələr telefon danışığı zamanı bu məsələyə toxunulmadığını bildirirlər.