logo

Bakının mərkəzində Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq

18:10 11-03-2020 | icon 287
Bakının mərkəzində Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq

Prezident İlham Əliyev martın 11-də böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək.

Xatırladaq ki, məşhur milyonçu, xeyriyyəçi-mesenat, qızlar məktəbinin banisi Hacı Zeynalabdin Tağıyevin heykəli onun doğulub boya-başa çatdığı, bütün varlığı ilə bağlı olduğu bu qədim şəhərin tam mərkəzində - “İçərişəhər” metrostansiyası qarşısında ucaldılacaq. Abidənin hündürlüyü isə 2,5 metr olacaq.

Heykəlin müəllifi, xalq rəssamı Xanlar Əhmədovun sözlərinə görə, hazırda heykəlin gil variantı üzərində son tamamlama işləri aparılır. "Yaxın aylarda ucaldılacaq heykəl tuncdan töküləcək. Abidənin alt hissəsi qırmızı qranitdən hazırlanacaq, hündürlüyü isə iki metr yarım olacaq. Hacı İçərişəhərdə doğulduğu və qədim qala divarları içərisində hər tərəf tarixi tikililərlə əhatə olunduğundan heykəlin ucaldılması üçün ən münasib məkan da elə “İçərişəhər” metrostansiyasının qarşısı olduğu qərara alınıb",-deyə heykəltəraş bildirib.