logo

Sahibə Qafarova Milli Məclisin sədri seçilib

12:30 10-03-2020 | icon 2310
Sahibə Qafarova Milli Məclisin sədri seçilib

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

YeniAvropa xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə əvvəlcə gündəliyi deputatlara təqdim edib.

İclasın gündəliyinə 1 məsələ - təşkilatı məsələlər daxil edilib. Əvvəlcə Hesablayıcı komissiya, sonra isə Milli Məclisin sədri və onun müavinləri seçilməsi nəzərdə tutulub. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə olub və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Qeyd edək ki, Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

S.Qafarova filologiya elmləri doktoru, professordur.

O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.

Sahibə Qafarova  2010-cu ildən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür.

Yeri gəlmişkən, xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunub. YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.