logo

Avropa çempionatında tarix yazan güləşçilərimiz Vətənə qayıdıblar

12:27 14-02-2020 | icon 2863
Avropa çempionatında tarix yazan güləşçilərimiz Vətənə qayıdıblar

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə yığma komandamız fevralın 14-də Vətənə qayıdıb.

YeniAvropa xəbər verir ki, iki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən və komanda hesabında ikinci yeri tutan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeraportunda Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri, məşqçilər, güləşçilər, pəhləvanlarımızın yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandamızın tarixi uğurundan danışaraq deyib: “Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanov ilə tanınmış güləşçimiz Rafiq Hüseynovun çıxışlarını qeyd etmək istərdim. Belə yüksək diqqətə görə federasiyamız adından bütün idman ictimaiyyətinə minnətdarlığımı bildirirəm. Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm.

Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Aleksandr Tarakanov deyib: “Komandanın çıxışından çox razı qaldım. Fikrimcə, Avropa çempionatında 2 qızıl və 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir. Nəzərə alaq ki, bizim üçün əsas lisenziya turnirləri sayılır. Çünki Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Yaradılan şəraitdən istifadə edərək etimadı tam doğrultmağa çalışacağıq”.

Daha sonra Avropa çempionları jurnalistlərin suallarını cavablandırıblar. İlk dəfə qatıldığı Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində uğurlu çıxış edərək qızıl medala sahib olan Sənan Süleymanov təəssüratlarını bölüşərək deyib:

“Bu çəki dərəcəsində ilk dəfə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir. Birinci görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın komandamızı təbrik etməsi bizi daha da həvəsləndirir və gələcək yarışlar ərəfəsində yeni qələbələrə ruhlandırır. Bu təbrikləri görəndə qürur hissi keçirdim. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu uğurumun davamını dünya çempionatında və Olimpiadada da gətirməyə çalışacağam”.

Doqquz illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olan Rafiq Hüseynov isə bildirib: “Təbriklərə görə təşəkkür edirəm. Həm ikinci dəfə Avropa çempionu olduğum üçün, həm də komanda yoldaşlarımın uğuruna görə çox sevinirəm. Artıq millimizdə güclü gənc güləşçilər var. Hər idmançı yarışa çempion olmaq üçün gedir. Böyüklərdə ilk nəticəm olduğu üçün birinci çempionluq daha şirin idi. Amma eyni nəticəni doqquz ildən sonra təkrarlamağın da dəyəri başqadır. Hər titulun öz yeri var. Bundan sonra lisenziya xarakterli yarışlara hazırlaşacağıq. Məşqçilərin qoyduqları plan üzrə hərəkət edəcəyik. Ondan sonra da hədəfimiz Olimpiadadır”.

Xatırladaq ki, Avropa çempionatında Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Millimiz 116 xalla komanda hesabında ikinci yeri tutub.