logo

Bakıda “Visa Cashless Forum”u keçirilir

10:29 12-02-2020 | icon 2632
Bakıda “Visa Cashless Forum”u keçirilir

Fevralın 12-də Bakıda “Visa” beynəlxalq kart təşkilatının, “Azərbaycan Beynəlxalq Bankı”nın, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Visa Cashless Forum” keçirilir.

YeniAvropa xəbər verir ki,  ölkədə və Qafqazda ilk dəfə keçirilən forumun mövzusu “Gələcəyə hərəkət”dir. Tədbirdə müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağdsız ödənişləri təşviq edən tənzimləmə mövzuları müzakirə olunur.

“Visa” şirkətinin Qafqaz üzrə regional meneceri Kristina Doroş bildirib ki, Qafqazda ilk “Visa Cashless Forumu”nu Azərbaycanda keçirməyə çox şadıq. Bu forum tərəfdaşlarımızla birgə fəaliyyət göstərəcəyimiz, bilik və təcrübə mübadiləsi aparacağımız, yeni texnologiyaları və istehlak meyllərini müzakirə edəcəyimiz, sahənin və ölkə iqtisadiyyatının xeyri naminə nağdsız ödənişlərin və innovasiyaların daha da inkişafı üçün birgə fəaliyyətimizin mühüm istiqamətlərini təyin edəcəyimiz birləşdirici platform olacaq.

Qeyd edək ki, “Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətlər kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqilə bağlı məsələlərin müzakirə olunduğu platformadır. İlk dəfə 2017-ci ildə Ukraynada keçirilən forum sonrakı dövrdə Qazaxıstanda, Serbiyada və Belarusda təşkil edilib.