logo

Ölkədə qaz istehlakı rekord həddə çatıb 

11:23 11-02-2020 | icon 2373
Ölkədə qaz istehlakı rekord həddə çatıb 

Fevralın 10-dan etibarən ilk dəfə olaraq təbii qaza tələbat gözlənildiyindən xeyli artıb. Belə ki, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 milyon kubmetrə çatıb.

“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, ötən ilin təcrübəsinə görə, sutkalıq tələbat 35 milyon kubmetri keçmirdi. Tələbatın bu həddə çatmasının reallıqlarının əsasında abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsi dayanır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin analoji dövrü ilə müqayisədə (10 fevral 2019) qaza olan tələbatın artımında sutkalıq 9 milyon kubmetrdən çox fərq var. Ötən il bu gün üçün tələbat 32 milyon kubmetrə yaxın olub. Bakı şəhəri üzrə hazırda qaza olan tələbat 22 milyon kubmetrdən çox (2019-cu ildə 17 milyon kubmetr), regionlar üzrə isə qaza olan tələbat 17 milyon kubmetrdən artıq (2019-cu ildə 13 milyon kubmetr) təşkil edir.

Hazırda ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq “Azəriqaz” tərəfindən Qaz Paylayıcı Stansiyalarda (QPS) yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır. Texnoloji rejimin artırılmasına tələbatın olduğu halda, qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalmamış, texnoloji rejimlərin vaxtında verilməsi və qaz şəbəkələrində optimal vəziyyətin saxlanılması təmin olunur. Abonentlərdən xahiş edilir ki, qazın təzyiqinin azalmasını müşahidə edərlərsə, yaşadıqları ərazi barədə 104/185 Çağrı mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 “Whatsapp” nömrəsinə mesaj yollaya bilərlər.