logo

Vilayət Eyvazov seçkilərə görə polisi  gücləndirilmiş iş rejiminə keçirdi

20:36 05-02-2020 | icon 553
Vilayət Eyvazov seçkilərə görə polisi  gücləndirilmiş iş rejiminə keçirdi

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əmrə əsasən, Milli Məclisə seçkilərin yüksək təhlükəsizlik şəraitində keçməsinin təmin edilməsi məqsədilə respublikanın daxili işlər orqanlarının şəxsi heyəti fevralın 8-dən 11-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü asayişin təmin edilməsi ilə əlaqədar ictimai yerlərdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, səsvermə bülletenlərinin aidiyyəti üzrə daşınması zamanı lazımi təhlükəsizlik tədbirləri görüləcək.

Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.