logo

Neft Fondunun əməkdaşlarına orden və medallar təqdim olunub

15:44 03-02-2020 | icon 2562
Neft Fondunun əməkdaşlarına orden və medallar təqdim olunub

Fevralın 3-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Prezident İlham Əliyevin 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə təltif olunmuş ARDNF-in əməkdaşlarına “Əmək” ordeni və “Tərəqqi” medallarının təqdim edilməsi mərasimi keçirilib.

Fonddan YeniAvropa-ya bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərək Prezident İlham Əliyev tərəfindən ARDNF-in şəffaf fəaliyyətinə hər zaman böyük diqqət göstərildiyini, fondun əməkdaşlarının peşəkarlığının yüksək qiymətləndirildiyini vurğulayıb.

Daha sonra “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunmuş əməkdaşlara ali dövlət mükafatları təqdim olunub, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Neft Fondunun 20 illik yubileyi ilə əlaqədar ARDNF-in əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, fondun 1 əməkdaşı “3-cü dərəcəli “Əmək” ordeni, 12 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.