logo

Abşeronda könüllülərlə görüş keçirilib

16:49 02-02-2020 | icon 2478
Abşeronda könüllülərlə görüş keçirilib

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron könüllüləri ilə görüş keçirilib.

YeniAvropa xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri”nin uğurlarından bəhs edən film nümayiş olunub.

Abşeron Rayon İcra hakimiyyəti başçısı İradə Gülməmmədova çıxış edərək Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Hazırda bu ideologiyanın Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini söyləyən icra başçısı vurğulayıb ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülərə verilən daha bir yüksək qiymətdir.

Qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti hələ 5 il bundan əvvəl ilk könüllü proqramına ölkəmizdə keçirilən birinci Avropa Oyunları zamanı, bu mötəbər yarışa dəstək və kömək məqsədi ilə 100-dən çox könüllüsü ilə qoşulub. Daha sonra həmin ilin oktyabr ayında rayon icra hakimiyyəti və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə 12 gənc “Master 2” könüllü proqramı çərçivəsində icra hakimiyyətində təcrübə keçmək üçün fəaliyyətə başlayıb. Xüsusi ilə qeyd edilib ki, həmin gənclərdən 4-ü Abşeron Rayon İcra Hakimiyyətində işlə təmin olunub.

Vurğulanıb ki, son bir il ərzində isə Abşeron Rayon İcra Hakimiyyətinə könüllülük fəaliyyəti üçün ümumilikdə 470-ə yaxın gənc müraciət edib, onlardan 196-sı (117 qız və 79 oğlan) könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunub və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində və rayon ərazisində fəaliyyət göstərən digər dövlət qurumlarında 2 növbədə könüllülük fəaliyyəti həyata keçirib.

Könüllülər rayonda təşkil olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, Novxanı çimərliyi ərazisində, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yolunun kənarlarında keçirilən ağacəkmə aksiyası və iməciliklərdə yaxından iştirak edib, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşulmuş, rayonun kənd və qəsəbələrində 2 min ağac əkiblər. Həmçinin, könüllülər Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə 147 ədəd eldar şamı və sərv ağacı əkiblər. Ağaclardan soyqırımı zamanı şəhid olan soydaşlarımızın adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

Bildirilib ki, bununla yanaşı könüllülər şəhid ailələri və Qarabağ qaziləri ilə görüşmüş, Çocuq Mərcanlıya səfər edib və Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyə baş çəkmiş və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 5 mindən çox bədii ədəbiyyat təqdim ediblər. Könüllülər tərəfindən həmçinin bir neçə sosial və maarifləndirici layihələr və videoçarxlar hazırlanıb.

Bütün bunlarla yanaşı, abşeronlu könüllülər üçün pulsuz ingilis dili və kompüter kursları təşkil olunub. Hər iki kurs xüsusi proqramla və peşəkar müəllimlər tərəfindən 3 ay müddətində (həftədə 3 dəfə) yüksək səviyyədə keçirilib.

Məlumat verilib ki, Beynəlxalq Könüllülər Günü və “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində tədbir keçirilib, respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı təqdim olunub. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülərə və könüllük fəaliyyətinin təşkil olunmasında iştirak edən fəal məsul şəxslərə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edilib ki, “ASAN Könüllüləri”nin 6 nəfəri bələdiyyə seçkilərində iştirak edib və 4 könüllü rayonun kənd və qəsəbə bələdiyyələrinə üzv seçilib, son 1 ildə 11 nəfər könüllü isə rayon ərazisində fəaliyyət göstərən dövlət qurumlarında müvafiq işlə təmin olunub.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev çıxış edərək ölkədə könüllülər üçün yaradılan imkanlardan və onun nəticəsində əldə edilən uğurlardan danışıb.

Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, rayon rəhbərliyi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

Sonra 76 könüllüyə sertifikatlar təqdim olunub.