logo

Bu gün Kiçik Çillə başlayır

10:20 31-01-2020 | icon 1953
Bu gün Kiçik Çillə başlayır

Bu gün Azərbaycanda Kiçik Çillə başlayır. 

YeniAvropa xəbər verir ki,etnoqrafların fikrincə, qış dövrü xalq təqviminə uyğun olaraq “çillə” adı ilə üç yerə bölünür.  Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. 

Rəvayətlərin birində deyilir: Gün gəlir böyük çillə ömrünü başa vurub geri qayıdanda kiçik çillə ilə qarşılaşır. Kiçik çillə böyük çillədən soruşur: “Nə etdin?”. Böyük çillə cavab verir: “Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm”. Kiçik çillə deyir: “Sən nə edibsən ki? Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.

Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır.