logo

Azərbaycan və Ermənistan XİN başçıları yenidən görüşəcəklər

20:31 30-01-2020 | icon 2100
Azərbaycan və Ermənistan XİN başçıları yenidən görüşəcəklər

Yanvarın 28-30-da Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Cenevrə görüşü son illər ərzində tərəflər arasında ən intensiv müzakirələrin aparıldığı görüş olub.

Tərəflər həmsədrlərin təqdim etdikləri gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, həmçinin münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələlərini qeyd etmək lazımdır. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə yanvarın 29-da Cenevrədə keçirilən görüşü yeddi saat davam edib.