logo

MDB müşahidə missiyası Milli Məclisə seçkilərin monitorinqini davam etdirir

18:39 27-01-2020 | icon 2289
MDB müşahidə missiyası Milli Məclisə seçkilərin monitorinqini davam etdirir

MDB müşahidə missiyası Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı monitorinqini davam etdirir.

YeniAvropa xəbər verir ki,secki-2020.az saytına daxil olan məlumata əsasən, MDB-dən olan müşahidəçilər Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lənkəran, Lerik, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Göygöl rayonları və Gəncə şəhərindəki dairə seçki komissiyalarında olublar. Onlar seçkilərə hazırlıq prosesi, eləcə də seçki komissiyaları üzvlərinin fəaliyyəti ilə tanış olublar. Müşahidəçilər davam edən təbliğat-təşviqat kampaniyasına da xüsusi diqqət yetiriblər. Dairə seçki komissiyalarının rəhbərləri bütün namizədlərə qanunda nəzərdə tutulmuş təşviqat imkanı verildiyini diqqətə çatdırıblar. Həmçinin qeyd olunub ki, seçki qanunvericiliyinin pozulmasına dair hər hansı şikayət və iddia daxil olmayıb. MDB missiyasının nümayəndələri adıçəkilən rayonlardakı məntəqə seçki komissiyalarına da gedərək, onların fəaliyyəti ilə tanış olublar. Müşahidəçilər məntəqələrin seçki ilə bağlı qanunvericilik aktları, lazımi metodiki tövsiyələr, təlimatlar, məlumat materialları, eləcə də müvafiq avadanlıqlarla təmin edildiyinin şahidi olublar.

Hazırda MDB müşahidə missiyasının formalaşması davam edir. 200-dən çox MDB müşahidəçisinin akkreditə olunması üçün sənədlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərilib. Bu siyahıya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistandan olan nümayəndələr, həmçinin MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya Parlamentlər İttifaqının və MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildirlər.