logo

Bakıdan Qəbələyə gedən avtobus qəzaya düşdü: 3 nəfər ölüb, 4 nəfər yaralanıb

11:59 26-01-2020 | icon 455
Bakıdan Qəbələyə gedən avtobus qəzaya düşdü: 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Yanvarın 26-da İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

 YeniAvropa xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin(FHN) yaydığı məlumatda bildirilib ki, "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) də İsmayıllıdakı qəza ilə bağlı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib: "Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya aparılıb. Həmin sərnişinlərdən olan uşaq xəstəxanaya çatdırılanda dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 4 nəfər müalicə alır, vəziyyətləri normaldır".