logo

Son 5 ildə Azərbaycana 160-dək cinayətkar ekstradisiya edilib

19:37 24-01-2020 | icon 2268
Son 5 ildə Azərbaycana 160-dək cinayətkar ekstradisiya edilib

Azərbaycan 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə səmərəli əməkdaşlıq edir.

YeniAvropa xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib. 

Bildirilir ki, nazirlik cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra Asiya, Afrika və Ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlayıb. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir.

Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq çərçivəsində ötən beş il ərzində 160-dək cinayətkarın Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında imzalanmış ekstradisiya haqqında Sazişin implementasiyası çərçivəsində özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla əməl törətmiş və barəsində İnterpolun xətti ilə beynəlxalq axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı danışıqlar aparılıb, Ədliyyə Nazirliyinin Əlcəzair tərəfinə göndərdiyi sorğu təmin edilərək həmin şəxsin təslim edilməsinə razılıq verilib və o, nazirliyin əməkdaşlarının müşayiəti ilə bu günlərdə ölkəmizə gətirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.