logo

“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

18:30 23-01-2020 | icon 2520
“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

2019-cu il “Azercell Telekom” üçün şəbəkənin modernləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də müştəri təcrübəsinin yüksəldilməsi istiqamətində aparılmış genişmiqyaslı təşəbbüslərlə zəngin olub.

YeniAvropa xəbər verir ki, 2018-ci ilin noyabrından 2019-cu ilin sonuna qədər “Azercell” ölkəboyu 4G şəbəkəsinin coğrafi əhatəsini 366 faiz artıraraq əhali əhatəsində 120 faiz yüksəlişə nail olub. Ümumilikdə, daha keyfiyyətli, daha çox tutuma malik və yeni texnologiyaların tətbiqinə hazır şəbəkənin təqdim edilməsi məqsədilə qeyd olunmuş müddət ərzində bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-sini 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Beləliklə, “Azercell” şirkətinin ümumi stansiya sayı 2956-ya çatıb. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin istifadə həcminin də artmasına şərait yaradıb: “Azercell” şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304 faiz artıb. Xatırladaq ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi “Azercell”in ölkənin bütün bölgələrində 4G xidmətlərinin ən yüksək keyfiyyət təmin etdiyini təsdiqləyib.

Yerli bazarda lider mövqeyini qoruyan “Azercell”, ölkədə 5G şəbəkəsinin test rejimində istifadəyə verilməsini həyata keçirən ilk operator olub.

Hazırda 8 sayda 5G baza stansiyasını quraşdıraraq, mobil operator paytaxtın mərkəzi - Fəvvarələr meydanı və Nizami küçəsinin bir hissəsini test rejimində yeni nəsil şəbəkəsi ilə əhatə edib və yaxın gələcəkdə həmin xidmətin tam şəkildə istifadəsini təmin etmək niyyətindədir. Nəzərinizə çatdırmaq istərdik ki, 5G texnologiyası mobil İnternet təkamülünün növbəti mərhələsi olaraq, müştərilərə tamamilə yeni xidmət səviyyəsi və imkanlar təqdim edir. Belə ki, ən yeni nəsil şəbəkəsi super sürət, inanılmaz minimal gecikmə təminatı ilə birgə, yeni sənaye sahələrinə inkişaf etmiş performans, səmərəlilik və minimuma endirilmiş istehsal xərcləri kimi imkanları bəxş edəcək. Bundan əlavə, IoT texnologiyalarının (əşyaların interneti) genişləndirilməsi ehtimalını nəzərə alaraq, yeni nəsil şəbəkəsi öz-özünü idarə edən nəqliyyat vasitələri və uzaqdan idarə olunan cərrahiyə prosesini reallığa çevirəcək.

Qeyd edək ki, 5G şəbəkəsinin inkişaf etdirilməsi ilə yanaşı, “Azercell” 2020-ci ildə də ölkə sakinlərini yüksəkkeyfiyyətli mobil şəbəkə ilə təmin etmək məqsədilə regionlarda 4G şəbəkəsinin genişləndirilməsini davam etdirəcək.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.