logo

Bakıya mövsümün ilk qarı yanvarın 24-də yağacaq

16:05 22-01-2020 | icon 308
Bakıya mövsümün ilk qarı yanvarın 24-də yağacaq

Yanvarın 24-də şimaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində ilkin proqnozumuza görə, paytaxt sakinləri bu qış fəslinin ilk qarını müşahidə edə bilərlər.

Bu barədə YeniAvropa-ya  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

Departament direktorunun sözlərinə görə, yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəzlənəcək: “Bakıda və Abşeronda yanvarın 24-dən 25-i səhərədək havanın yağıntılı keçəcəyi gözlənilir. Yağıntının arabir intensivləşəcəyi, yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° enəcək, 0-3° isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 23-24-də güclü külək olacaq, 23-də cənub-qərb küləyinin sürəti saniyədə 15-20, arabir 23-28, ayrı-ayrı yerlərdə arabir 30-35 metrə çatacaq. Yanvarın 24-də isə şimal-qərb küləyi 15-20, arabir 25-30 metr/saniyəyə kimi güclənəcək.

Avtomobil yollarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal edilir”.