logo

Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq Planı imzalanıb

14:15 21-01-2020 | icon 2303
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq Planı imzalanıb

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.

 YeniAvropa xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin qarşılanma mərasimi olub.

Protokola uyğun olaraq, Müdafiə nazirləri fəxri qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

Sonra müdafiə nazirlərinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı olub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da görüşdə iştirak edib.