logo

L.Slutski: Bu faciənin təhqiqatına qayıtmaq lazımdır, çünki o dövrdə sovet məkanında bundan qəribə hadisə olmayıb

19:28 20-01-2020 | icon 2184
L.Slutski: Bu faciənin təhqiqatına qayıtmaq lazımdır, çünki o dövrdə sovet məkanında bundan qəribə hadisə olmayıb

“Mən Bakıya gələndə, ilk növbədə, Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edirəm. Bakıya səfərimin müddəti nə qədər qısa olsa belə, bu ənənəni heç vaxt pozmuram”.

YeniAvropa xəbər verir ki,RF Dövlət Dumasının deputatı Leonid Slutski bu sözləri Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimində söyləyib.

Rusiyalı deputat deyib: “Bakını Şəhidlər xiyabanı və “Əbədi məşəl” olmadan təsəvvür etmək mümkün deyil. Biz Şəhidlər xiyabanını ziyarət edərkən hər bir memorial abidənin yanında ayaq saxlayırıq. Həmin gün gənclər, təzə evlənənlər, zabitlər, ziyalıların nümayəndələri həlak olub. Lakin çox qəribədir, onların arasında heç bir siyasətçi, heç bir fəal yox idi. Bu qərarın qəbul edilməsi mexanizmi bizə hələ də aydın deyil. Məncə bu təhqiqata yenidən qayıtmaq lazımdır, çünki o dövrdə sovet məkanında bundan qəribə hadisə olmayıb. Bu dəhşətli faciəyə heç cür bəraət qazandırmaq olmaz. Əlbəttə, biz və bizdən sonrakı nəsillər bugünkü firavanlaşan Azərbaycan uğrunda canlarından keçmiş adamların hər birini ömrümüz boyu xatırlayacaq və ehtiramla yad edəcəyik”.

L.Slutski vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu faciənin dəhşəti barədə dəfələrlə danışıb. O deyib: “Bugünkü Azərbaycan dövlətinin banisi böyük Heydər Əliyev yanvarın 20-də baş vermiş faciənin dəhşəti, burada zərrə qədər sağlam düşüncə olmaması barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı indiki səfirliyinin binasında çıxışından başlayaraq dəfələrlə danışıb”.

L.Slutskinin sözlərinə görə, Qara Yanvar hadisələrinin ağrısı Azərbaycanla bağlı olan və bu ölkəni sevən bütün insanların qəlbində yaşayır. O deyib: “Artıq 30 ildir ki, biz hər il bu barədə danışırıq. Hətta həmin faciəli hadisələrdən sonra doğulmuş gənclərin də qəlbində bu ağrı azalmır. Onlar özlərini Azərbaycan vətəndaşları və ya mənim kimi, qəlbində Azərbaycanı yaşadan insanlar hesab etməyə başlayan andan bu ağrını da duyurlar. Azərbaycan tarixində bu qara yubiley gününü, bu faciəni hər kəs xatırlayır və həmişə xatırlayacaq”.

Deputat çıxışının sonunda deyib: “Mənim fikrimcə, biz hamımız 1990-cı il yanvarın 20-də həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verməli, bu hadisələri daim xatırlamalı və belə faciələrin bir daha baş verməməsi üçün əlimizdən gələni etməliyik”.