logo

“Böyük Efiopiya Dirçəliş Bəndi” üzrə saziş müzakirə olunub

18:50 15-01-2020 | icon 2436
“Böyük Efiopiya Dirçəliş Bəndi” üzrə saziş müzakirə olunub

Vaşinqtonda Misir, Efiopiya və Sudan Xarici İşlər nazirlərinin iştirakı ilə Şimali Afrika regionunun su təchizatında mühüm rola malik olan “Böyük Efiopiya Dirçəliş Bəndi” (GERD) üzrə saziş müzakirə olunub.

YeniAvropa xəbər verir  ki, nazirlər hər üç ölkənin maraqlarına cavab verəcək sazişin detallarını müzakirə ediblər. ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinin və Dünya Bankının nümayəndəsinin də iştirak etdikləri müzakirələrdə bəndin istifadəsi, idarə edilməsi üzrə texniki məsələlər, habelə onun Misirin su təchizatına təsiri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, regionda quraqlığa qarşı effektiv tədbirlərin həyata keçirilməsi sahəsində mühüm əhəmiyyətə malik olan Nil çayının suyunun istifadəsi üzrə mübahisələrə son qoyulması hər üç dövlətin rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə vasitəçi missiyasını isə Cənubi Afrika Prezidenti Matamela Siril Ramafoza öz üzərinə götürüb. O, yaxın aylarda Afrika İttifaqına da sədrlik edəcək. Növbəti görüşdə üç ölkənin su təsərrüfatı nazirlərinin də iştirakı gözlənilir.

Misirlə Efiopiya arasında mübahisələr sonuncunun elektrik enerjisi təchizatında mühüm rol oynayacaq bəndin fəaliyyətinin quraqlığa səbəb olacağı və misirlilərin su qıtlığı ilə üzləşməsi təhlükəsi ilə bağlıdır. Nil çayı üzərində 2011-ci ildən inşa edilən elektrik stansiyasının Misirə axan 55,5 milyard kubmetr suyun azaldığına gətirib çıxardığı iddia edilir.