logo

Gəncədə Finlandiya kombaynları yığılacaq

14:30 13-01-2020 | icon 2576
Gəncədə Finlandiya kombaynları yığılacaq

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib.

Xanlar Fətiyev bildirib ki, müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə “Sampo-Roselew” markalı kombaynların yığımı həyata keçiriləcək. Bu ilin mart ayının əvvəllərində kombaynların yığım xəttinin istifadəyə verilməsi planlaşdırılır.

“Finlandiyanın məşhur “Sampo” firmasının müxtəlif model kombaynları artıq Azərbaycan fermerlərinə tanışdır. On ilə yaxındir ki, taxıl biçinində “Sampo” markalı kombaynlar yüksək texniki göstəriciləri ilə fermerlərin istifadəsindədir və yerli istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Gəncə Avtomobil Zavodu “Sampo” kombaynlarının yığılması ilə bərabər onun həm Azərbaycan bazarında satış və satış sonrası xidmətlərini həyata keçirəcək, həm də yaxın ölkələrə ixracını da reallaşdırmağı planlaşdırır”, - deyə Xanlar Fətiyev qeyd edib.

Müşahidə Şurasının sədrinin sözlərinə görə, ixracla bağlı həm birliyin Marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib: “Biz “Sampo” şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə dünyada tanınmış markadır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş “Caspian Agro” 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirib və böyük marağa səbəb olmuşdu. Biz “Sampo” kombaynlarının satışı üçün Türkiyə bazarını da yaxından araşdırırıq. Ümidvarıq ki, yaxın vaxtlarda bu istiqamətdə böyük uğura imza atacağıq”.