logo

ATƏT Azərbaycanda parlament seçkilərini müşahidəyə başladı

14:15 07-01-2020 | icon 2121
ATƏT Azərbaycanda parlament seçkilərini müşahidəyə başladı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə ATƏT DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri səfir Piter Teyler  bu gün Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib.

Piter Teyler bildirib ki, ATƏT DTİHB-nin müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar hökumətin müraciəti əsasında ölkəmizə gəlib.

"Azərbaycan ATƏT-ə üzv ölkə kimi rəsmi olaraq Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna  seçkiləri müşahidə etmək üçün müraciət göndərib.Həmin müraciətə əsasən, missiya dekabrın ortalarında seçki mühitini dəyərləndirmək üçün Azərbaycana gəlib. Seçkiləri müşahidə missiyasına əsas heyətdən əlavə uzunmüddətli və qısamüddətli müşahidəçilər də cəlb olunacaq",-deyə Piter Teyler bildirib.

Onun sözlərinə görə, ATƏT DTİHB artıq 11-cı dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edir. "İndiyə qədər Azərbaycanda seçki prosesində iştirak edən qurumlarla konstruktiv əməkdaşlıq etmişik və ümidvarıq ki, bu dəfə də konstruktiv mühitdə əməkdaşlıq edəcəyik”, - deyə o əlavə edib.

Diqqətə çatdırılıb ki, missiyaya 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi cəlb olunacaq.