logo

Nursultan Nazarbayev Azərbaycanın Qazaxıstandakı səfirini mükafatlandırıb

14:24 29-12-2019 | icon 784
Nursultan Nazarbayev Azərbaycanın Qazaxıstandakı səfirini mükafatlandırıb

Qazaxıstanın birinci prezidenti-elbası, Qazaxıstan Xalqı Assambleyasının sədri Nursultan Nazarbayev Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafındakı xidmətlərinə, xalqlar və millətlər arasında harmoniyanın möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu “Birlik” qızıl medalı ilə təltif edib.

YeniAvropa xəbər verir ki, mükafatın təqdimetmə mərasimində çıxış edən Qazaxıstan Xalqı Assambleyasının sədr müavini Canseyit Tümebayev bildirib ki, Rəşad Məmmədov Azərbaycan və Qazaxıstan prezidentlərinin nümayiş etdirdikləri siyasi iradənin, verdikləri təlimatların həyata keçirilməsində, ölkələrimiz arasında dialoqun yüksək səviyyədə qurulmasında fəal rol oynayır. O, çoxmillətli ölkə olan Qazaxıstanda milli münasibətlərin sülh, harmoniya və qarşılıqlı anlaşma şəraitində davam etməsinə böyük töhfə verir. Məhz bunları nəzərə alaraq, Qazaxıstan Xalqı Assambleyasının sədri Nursultan Nazarbayev onun yüksək mükafata layiq görülməsi ilə bağlı Qərar imzalayıb.

C.Tümebayevin sözlərinə görə, qazaxlar və azərbaycanlıları tarixi etnik və mədəni bağlar birləşdirir. Qazaxıstanda yaşayan azərbaycanlıların sayı 150 mindən çoxdur və onlar ölkənin siyasi, mədəni və sosial həyatında fəal iştirak edirlər. Hazırda Qazaxıstanda güclü Azərbaycan diasporu mövcuddur. Ölkənin müxtəlif bölgələrində ümumilikdə 32 Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə Azərbaycan dili, mədəniyyəti, adət-ənənələri və musiqisinin öyrənilməsi üçün kurslar mövcuddur və Azərbaycan dilində qəzet çap olunur.

Səfir Rəşad Məmmədov yüksək mükafat üçün təşəkkür edərək bildirib ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ulu öndər Heydər Əliyevlə birlikdə iki dövlət arasında münasibətlərin sağlam və sarsılmaz təməllərini qoyublar. Strateji xarakter daşıyan, qarşılıqlı hörmətə və etimada əsaslanan bu əlaqələr Azərbaycan və Qazaxıstan prezidentlərinin hər zaman diqqət mərkəzindədir.

Səfir qeyd edib ki, Qazaxıstanın layiqli və fəal vətəndaşı olan soydaşlarımız milli-mənəvi dəyərlərimizi, tarixi Vətənə bağlılığımızı qoruyur, öz fəaliyyətləri ilə bu günümüz və parlaq gələcəyimiz naminə həmrəy olduqlarını nümayiş etdirirlər.