logo

Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd edilib

20:19 04-12-2019 | icon 2618
Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd edilib

Dekabrın 4-də "fairmont" mehmenxanasında Qazaxıstanın dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə rəsmi ziyafət təşkil edilib.

YeniAvropa xəbər verir  ki, Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən ziyafətdə hökumət rəsmiləri, Mili Məclis üzvləri, Bakıda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, iş adamları,  ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə  hər iki ölkənin dövlət himnləri səsləndirilib. 

Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Diplomat iki ölkəni əsrlərə uzanıb gedən birgə tarix, dil, və mədəniyyət tellərinin birləşdirdiyini qeyd edib. “Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstək əlaqələri var. İqtisadiyyat, siyasət sahələrindəki iki və çox tərəfli münasibətlər sürətlə inkişaf edir. Qazaxıstan daim Azərbaycan üçün etibarlı tərəfdaş olaraq qalacaq”,-deyə Serjan Abdıkarimov vurğulayıb.

 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə isə çıxışında iqtisadi əlaqələrimizin inkişafından danışıb. “Ticarət əlaqələrimiz getdikcə artır. 2018-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 221 milyon dollar, cari ilin 10 ayı ərzində isə 191 milyon dollar təşkil edib. Əsas əməkdaşlıq sahələri olan nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı kimi sahələrdə böyük inkişaf potensialı var. Ölkələrimizin ərazisindən Şərq-Qərb nəqliyyat-logistika dəhlizi keçir, Xəzər üzərindən yük daşımaları uğurla həyata keçirilir. Həmçinin bu ilin noyabr ayından Azərbaycanla Qazaxıstan Xəzərin dibi ilə keçəcək fiber optik magistralının tikintisinə başlayıb”, - deyən Ramin Quluzadə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini bildirib.

 “Qazaxıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyir”,-deyə nazir vurğulayıb.