logo

Bakıda II Xəzər İnnovasiya Konfransı keçirilir

11:08 04-12-2019 | icon 210
Bakıda II Xəzər İnnovasiya Konfransı keçirilir

“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində dekabrın 4-də Bakıda “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusunda II Xəzər İnnovasiya Konfransı keçirilir.

 YeniAvropa xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə konfransın nazirliyin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, “Aztelekom”, “Baktelekom”, Məlumat Hesablama Mərkəzi və “Azercell”in tərəfdaşlığı ilə təşkil olunduğunu deyib.

“Bu konfransda biz “Əşyalar interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə edəcəyik. Qeyd edim ki, bu ilin mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda “Əşyaların interneti” laboratoriyası yaradılıb. “Bakutel 2019”da İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “IoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim olunur. Bu istiqamətdə işlərin görülməsi davam etdirilir”, - deyə nazir müavini bildirib.

“Əşyaların interneti” sahəsinin hazırkı vəziyyəti barədə məlumat verən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haoulin Jao deyib ki, 2025-ci ildə dünyada internetə qoşulmuş təxminən 41,6 milyard "Əşyalar interneti" qurğusu qeydə alınacaq.

Tədbirdə qeyd olunub ki, Xəzər İnnovasiya Konfransı “Genişzolaqlı bağlantı”, “Əşyaların interneti”, “Süni intellekt”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” və sair kimi mövzuları əhatə edəcək.

Qeyd edək ki, İKT xidmətləri və həllərinin inkişafında genişzolaqlı internet infrastrukturunun həyati önəm daşıdığı və Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə keçən ilki konfrans “Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı” mövzusunda təşkil olunub.