logo

Ankarada Nursultan Nazarbayevə həsr olunan konfrans keçirilib

22:14 01-12-2019 | icon 8029
Ankarada Nursultan Nazarbayevə həsr olunan konfrans keçirilib

Türkiyənin paytaxtı Ankarada Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunan konfrans keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Qazaxıstanın Türkiyədəki səfirliyi və bu ölkədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən birgə təşkil olunan “Müdrik lider Nursultan Nazarbayev türkdilli dövlətlərin birliyinə gedən yolda” mövzusunda mərasimdə rəsmi şəxslər, səfirlər, tanınmış alimlər iştirak ediblər.

Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuly, "EkoAvrasiya"nın sədri Hikmət Erən, Türkiyədə fəaliyyət göstərən Kapadokya Universitetinin rektoru, professor Həsən Ali Karasar görkəmli siyasi və dövlət xadimi Nursultan Nazarbayevin zəngin, mənalı həyatından danışıblar. Diqqətə çatdırılıb ki, Nursultan Nazarbayev siyasi hakimiyyətinin bütün dövrlərində Qazaxıstanın inkişafı, xalqının rifahı və tərəqqisi naminə müdrik qərarlar qəbul edib. Ötən əsrin sonunda, keçmiş sovetlər birliyinin süqutu ərəfəsində yaranmış çətin və mürəkkəb şəraitə baxmayaraq Nursultan Nazarbayev uzaqgörən siyasəti ilə Qazaxıstanın dövlət müstəqilliyinin bərpası prosesini uğurla başlayıb və sona çatdırıb. Sonrakı illərdə isə Nursultan Nazarbayevin əsas hədəfi türkdilli dövlətlərin həmrəyliyinə və əməkdaşlığına nail olmaq üçün töhfələr vermək olub. Əminliklə vurğulanıb ki, qazax xalqının böyük oğlunun, müdrik dövlət xadiminin fəaliyyətinə hər zaman türkdilli xalqlar tərəfindən ehtiram göstəriləcək.