logo

Gürcüstanda 100 dövlət müəssisəsi hərraca çıxarılacaq

15:30 29-11-2019 | icon 2625
Gürcüstanda 100 dövlət müəssisəsi hərraca çıxarılacaq

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Dövlət Əmlakı üzrə Milli Agentlik dövlətin mülkiyyətində olan 100 müəssisəni özəlləşdirməyə çıxaracaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İqtisadiyyat naziri Natia Turnava hökumətin iclasından sonra deyib. N.Turnavanın sözlərinə görə, bu müəssisələrin özəlləşdirilməsi milli valyutanın möhkəmlənməsində mühüm rol oynayacaq.

“Gürcüstanda hələ bu qədər müəssisə hərraca çıxarılmayıb. Bu dəfə ümumi dəyəri 150 milyon lari (təqribən 50,6 milyon dollar) olan əmlak satışa çıxarılacaq”, - deyə N.Turnava vurğulayıb.

Özəlləşdirməyə çıxarılacaq müəssisələrin adları bu gün məlum olacaq. Bütün məlumatlar milli agentliyin saytında yerləşdiriləcək. İlkin məlumatlara görə, bu müəssisələr arasında strateji obyekt yoxdur.

Müəssisələrin satışı ilə bağlı hərrac yaxın aylarda başlayacaq və ardıcıl olaraq keçiriləcək.

Qeyd edək ki, müəssisələrin özəlləşdirilməsi ilə bağlı ilk dəfə Baş Nazir Giorgi Qaxariya məlumat verib. Onun sözlərinə görə, dövlət müəssisələrinin özəlləşdirilməsi ölkə iqtisadiyyatının möhkəmlənməsinə xidmət edəcək.