logo

NATO-nun büdcəsində ciddi problemlər yarana bilər

19:37 28-11-2019 | icon 2443
NATO-nun büdcəsində ciddi problemlər yarana bilər

Tramp administrasiyasının Şimali Atlantika alyansına ayrılan maliyyə vəsaitini azaltması qərarından sonra təşkilata üzv olan başqa ölkələr də analoji addımlar ata bilərlər.

YeniAvropa  "CNN" telekanalına istinadla xəbər verir ki, ABŞ bugünədək NATO-nun ümumi büdcəsinin 22 faizini təmin edirdi. Lakin Prezident Donald Tramp bu vəsaitin 16 faizədək azaldılmasına qərar verib. Ekspertlər bildirirlər ki, təşkilatın gələn həftə 70 illik yubileyi ilə əlaqədar Londonda keçiriləcək sammitində bu ciddi məsələ müzakirə olunacaq. Qeyd olunur ki, Birləşmiş Ştatların ayırdığı vəsait NATO-nun qərargahlarının saxlanılması, birgə hərbi əməliyyatların aparılması məqsədilə istifadə olunurdu. Maliyyə problemini həll etmək üçün alyansın rəhbərliyi təklif edib ki, hər bir üzv dövlət NATO-ya özünün ÜDM-nin 2 faizi həcmində vəsait ayırsın. Digər tərəfdən, maliyyə vəsaitini 16 faiz həcmində müəyyən edəcək ABŞ hökuməti Almaniyanın da alyansın büdcəsinin 14,8 faizini təmin etməsini tələb edib. Lakin Birləşmiş Ştatlar iqtisadiyyatının dəfələrlə böyük olduğunu nəzərə alan ekspertlər bu tələbi ədalətsiz hesab edirlər.

ABŞ və NATO rəsmiləri CNN-ə müsahibələrində qeyd ediblər ki, digər üzv dövlətlər də ayırdıqları vəsaitləri azaltmaq niyyətindədirlər. Eyni zamanda, bildirilir ki, hazırda alyansın 29 üzvündən cəmi 8-i tələb olunan məbləği ayırır. NATO-nun Baş katibi Yens Stoltenberq isə ABŞ Prezidentinə maliyyə vəsaitini artırmaqla bağlı müraciət edib. O qeyd edib ki, Kanada və Avropa dövlətlərinin daha çox vəsait ayıracağı halda Vaşinqtonun əks istiqamətdə addımlar atması narahatlıq doğurur. Məsələ ilə bağlı London sammitində razılıq əldə ediləcəyi də istisna edilmir.

ABŞ rəsmisi isə bildirib ki, Vaşinqton NATO-nun büdcəsinə daha az vəsait ayırmaqla özünün Avropadakı hərbi bazalarını gücləndirmək, alyansa üzv olmayan Ukrayna və Gürcüstanda müdafiə proqramları həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, 2019-cu ildə NATO-nun mülki xərcləri (Belçikada baş qərargahın saxlanılması və administrasiya xərcləri) 260,5 milyon dollar, hərbi xərcləri isə (birgə hərbi təlimlər və əməliyyatların keçirilməsi) 1,56 milyard dollar olub. Alyansa üzv dövlətlərin cari ildə müdafiə xərcləri isə 1 trilyon dollardan çox olub. Bundan başqa, alyansın sərmayə proqramları üçün 770 milyon dollar vəsait ayrılıb.