logo

Fond 4 il əvvəl ölmüş adamı banka borca görə məhkəməyə verdi

18:49 27-11-2019 | icon 2268
Fond 4 il əvvəl ölmüş adamı banka borca görə məhkəməyə verdi

Bakı İstintaq Təcridxanasında intihar edən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə verilib. Fond iddia edir ki, İ.Əliyevin hazırda lisenziyası ləğv olunmuş «Texnikabank»a ödənilməmiş borcu var.

YeniAvropa xəbər verir  ki,  iddia ərizəsində tələb olunan məbləğin 5 min 626 manat olduğu göstərilir. Bunun 3 min 137 manatı əsas borc, 2 min 62 manatı faiz, 427 manatı cərimədir.

«Texnikabank»ın lisenziyası ləğv olunduğuna görə bu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Bu qurum bankdakı əmanətlərin qaytarılması, kredit borclarının toplanmasıyla məşğul olur.

Nəsimi rayon Məhkəməsi İ.Əliyevin 4 il əvvəl vəfat etdiyini əsas gətirərək, göstərilən məbləğin ondan tutulması barədə iddianı icraata götürməyib. Qərarda da göstərib ki, ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığına görə ona qarşı iddia irəli sürülə, belə iddialara baxıla bilməz. Məhkəmə iş üzrə icraata xitam verib. Əmanətlərin Sığortalanması Fondu isə bu qərarla razılaşmır. Fondun nümayəndələri hesab edir ki, məhkəmə icraata xitam verməməli, İ.Əliyevin hüquqi varislərini müəyyən etməlidir. O vaxta qədər isə icraat müvəqqəti dayandırıla bilər.

Fond qərardan apellyasiya şikayəti verib, lakin nəticə dəyişməyib. İş Ali Məhkəməyə gəlib çıxıb. Ali Məhkəmə də bugünlərdə qəbul etdiyi qərarla Əmanətlərin Sığortalanması Fonduna tövsiyə edib ki, İ.Əliyevdən miras qalmış əmlakı qəbul edən vərəsəni (vərəsələri) müəyyənləşdirsin, ona qarşı iddia qaldırsın.

Məhkəmə iclaslarında iştirak üçün İ.Əliyevin yaxınlarına da bildiriş göndərilib. Amma onlar iclasda iştirak etməyiblər.

Qeyd edək ki, İ.Əliyev 2015-ci ilin oktyabrında MTN-nin 20-dən artıq vəzifəlisinin həbsi ilə nəticələnən əməliyyat zamanı saxlanılıb. Həbsindən iki ay sonra, 2015-ci il dekabrın 20-də Bakı İstintaq Təcridxanasında özünü asaraq, intihar edib.