logo

Azərbaycan xalçaları ABŞ-da təbliğ ediləcək

18:32 26-11-2019 | icon 2653
Azərbaycan xalçaları ABŞ-da təbliğ ediləcək

Qarşıdakı 1 il ərzində Amerika Birləşmiş Ştatlarında Azərbaycan xalçalarına həsr edilmiş tədbirlər keçiriləcək, xalça məhsullarımızın okeanın o tayında satışının genişləndirilməsi üçün müxtəlif təbliğat kampaniyaları aparılacaq. 

YeniAvropa xəbər verir  ki, bu məqsədlə Bakıda “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında niyyət protokolu imzalanıb.

Sənədi  “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov və  ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Reza Vəziri imzalayıblar.

Protokola əsasən, “Azərxalça” əl ilə toxunmuş xalça və xalça məmulatlarını Ticarət Palatası üçün təchiz edəcək. Ticarət Palatası isə xalçaları özünün Vaşinqtonda yerləşən iqamətgahında və digər məkanlarda təşkil ediləcək tədbirlərdə nümayiş etdirəcək, habelə “Azərxalça”nın verdiyi məlumatları bu sahə ilə məşğul olan sahibkarlara və fiziki şəxslərə çatdıracaqdır. Tərəflər Azərbaycanın xalça toxuma ənənələrini, onun tarixini, toxucuları və xalçaları Amerika Birləşmiş Ştatlarında birlikdə təbliğ etmək niyyətindədirlər.

Bu niyyət protokolunun müddəti 1 ildir. İlkin mərhələdə “Azərxalça” tərəfindən ABŞ-a 55 ədəd xalça göndərilib. Həmin xalçaların Nyu-York və Vaşinqton şəhərlərində sərgisi, müxtəlif tədbirlər təşkil ediləcəkdir. İlk tədbir dekabrın 2-də ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən əsas binasında keçiriləcəkdir.

Vidadi Muradov Azərbaycan xalçalarının Amerika Birləşmiş Ştatlarında təbliğinə göstərdiyi köməyə görə, ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbərliyinə, xüsusən Ticarət Palatasının həmsədri Reza Vəziriyə öz təşəkkürünü bildirib.

Ticarət Palatasının fəaliyyəti barədə ətraflı məlumat verən Reza Vəziri niyyət protokolunda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Sonda mətbuat konfransı keçirilib, jurnalistlərin sualları cavablandırılıb.