logo

Sərhədçimizi öldürüb İrandan Azərbaycana 2,5 kq narkotika keçirmək istədilər

12:33 25-11-2019 | icon 2086
Sərhədçimizi öldürüb İrandan Azərbaycana 2,5 kq narkotika keçirmək istədilər

Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.

 YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat mərkəzindən verilən məlumatda bildirilir.  

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran İslam Respublikası ərazisinə qaçıb.

Hadisə yerində bir polietilen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metamfetamin, “Samsung” markalı mobil telefon, bir bıçaq, iki 7,62 millimetrlik patron gilizi aşkar olunub.

İran İslam Respublikasının sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində ölmüş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.