logo

Bakı metrosunda qəza səbəbindən bəzi stansiyalar 4 saat işləməyib

10:57 24-11-2019 | icon 2450
Bakı metrosunda qəza səbəbindən bəzi stansiyalar 4 saat işləməyib

Bu gün saat 05:41 dəqiqədə "Həzi Aslanov-Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stasiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni" QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq strukturların mütəxəssisləri cəlb ediliblər.

Həmin vaxt "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 06:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Metropolitendə qatarların hərəkəti "Qırmızı" və "Yaşıl" xətlər üzrə "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

"Ulduz- Həzi Aslanov" sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.

Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, "Qırmızı" və "Yaşıl" xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

"Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.