logo

Mehriban Əliyeva Moskvada XTNS-də "Azərbaycan” pavilyonunun açılışında  iştirak edib

16:47 23-11-2019 | icon 2226
Mehriban Əliyeva Moskvada XTNS-də "Azərbaycan” pavilyonunun açılışında  iştirak edib

Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.

 YeniAvropa xəbər verir  ki, mərasimdə Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Qeyd edək ki, dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Bu gündən isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub.

Xatırladaq ki, nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.

1--3

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ,  Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko və Moskva şəhəri merinin müavini Natalya Serqunina “Azərbaycan” pavilyonunun rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq olub.

Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.

Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

“Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir. Burada “Aznar”, “Aspi Aqro” MMC, “Azersun Holding”, “Şirvan Şərabları”, “Gazelli Qrup”, “Gilan” MMC, “İsmayıllı Şərab-2”, “Balxurma” MMC, “Marandi” MMC, “Kənddən şəhərə” brendi, “Xurcun”, “Viva” və digər yerli istehsalçıların məhsulları ilə tanış olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək mümkündür.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri yer alıb, 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb.

Kitabxana və oxu zalında müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür.

Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab nəşr olunub. Kitabda müxtəlif materiallar, arxiv fotoları əsasında “Azərbaycan” pavilyonunun tarixi, burada aparılan kompleks bərpa işlərinin xronikası təqdim edilir.