logo

Azərbaycanla Bolqarıstan arasında cinayətkarlıqla mübarizəyə dair əməkdaşlıq protokolu imzalanıb

19:49 21-11-2019 | icon 2359
Azərbaycanla Bolqarıstan arasında cinayətkarlıqla mübarizəyə dair əməkdaşlıq protokolu imzalanıb

Noyabrın 21-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Bolqarıstanın daxili işlər naziri Mladen Marinov ölkəmizdə səfərə gəlib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki,bu gün Nazirlikdə general-polkovnik Vilayət Eyvazovun bolqarıstanlı həmkərı ilə görüşü olub.

Qonaqları salamlayan nazir dəvəti qəbul edərək ölkəmizə səfərə gəldiyinə görə bolqarıstanlı həmkarına təşəkkür edib, onun Sofiyada Daxili İşlər Direktoratlığının rəisi vəzifəsində çalışarkən Avropa paytaxt polis rəislərinin 2015-ci ilin avqustunda Bakıda keçirilmiş 37-ci konfransında iştirakını məmnunluqla xatırladıb.

Ölkədə daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə məlumat verən Vilayət Eyvazov əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlərdən danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Bolqarıstanın verdiyi dəstəyin respublikamızda yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir Vilayət Eyvazov siyasi, iqtisadi-ticari əlaqələrin dinamik inkişafının təhlükəsizliyin etibarlı təmini ilə birbaşa əlaqəsi olduğunu qeyd edib, hazırkı səfərin ölkələrimizin Daxil İşlər nazirlikləri arasındakı əməkdaşlığın möhkəmləndirilməsində önəmli mərhələ olacağına əminliyini bildirib. Bu gün dünyadakı mövcud təhdid və çağırışların terrorizmlə, ekstremizmlə, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın bütün növləri ilə mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi, belə qlobal xarakterli təhlükələrə qarşı kəsərli tədbirlərin görülməsində operativ informasiya və qabaqcıl təcrübə mübadiləsinin, əməkdaşlığın müqavilə-hüquqi bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra general-polkovnik Vilayət Eyvazov bu istiqamətdə ekspertlərin iştirakı ilə 2012-ci il aprelin 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolun hazırlanaraq aidiyyatı dövlət orqanları ilə razılaşdırıldığını, ölkəmizin Avropa İttifaqının üzvü olan bir dövlətlə ilk dəfə imzalanması nəzərdə tutulan həmin sənəddə hər iki tərəfin maraq və mənafelərinin, beynəlxalq öhdəliklərinin nəzərə alındığını qeyd edib, onun cinayətkarlığa qarşı mübarizə sahəsində birgə işbirliyinin səmərəliyinin daha da artırılmasına xidmət edəcəyinə əminliyini bildirib.

Rəsmi dəvətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mladen Marinov Bolqarıstanın ilk Daxili İşlər naziri kimi respublikamıza rəsmi səfər etməsindən qürur duyduğunu, dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurumun çoxşaxəli funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəsindəki mövcud kriminogen durum, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün sonunda Daxili İşlər nazirləri - general-polkovnik Vilayət Eyvazov və Mladen Marinov “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolu imzalayıblar.

Qəbulda ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova və Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov iştirak ediblər.