logo

Kim Çen In Cənubi Koreyada АSEАN sammitinə getmək istəmədi

13:11 21-11-2019 | icon 329
Kim Çen In Cənubi Koreyada АSEАN sammitinə getmək istəmədi

KXDR lideri Kim Çen In Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) noyabrın 25-də Cənubi Koreyada keçiriləcək sammitində iştirak etməyəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Cənubi Koreya prezidenti Mun Ce-in KXDR liderini Pusan şəhərində keçiriləcək sammitə şəxsən dəvət edib. Bununla yanaşı, Cənubi Koreyanın bir sıra müxalif partiyaları Şimalla Cənub arasında əlaqələrə hələ də skeptik yanaşır. KXDR isə Seulun milli əməkdaşlığa deyil, xarici qüvvələrə arxalandığını deyir.

“Hər iki dövlət arasında Phanmuncom, Pxenyan və Pektusanda əldə olunan sazişlər üzrə irəliləyişə nail olunmaması səbəbindən və görüş naminə Şimal və Cənubun sammiti mənasız olardı. Biz etimad və səmimiyyətə görə Cənub tərəfinə minnətdarıq”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, ötən ilin aprel ayından bəri KXDR lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Ce-in arasında üç görüş keçirilib. Onlardan ikisi 2018-ci il aprelin 27-də və mayın 26-da demilitarizasiya zonasında yerləşən Phanmuncom yaşayış məntəqəsində, üçüncüsü isə sentyabrın 18-də Pxenyanda baş tutub. Lakin cari ilin fevral ayında Hanoy şəhərində KXDR lideri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında nəticəsiz başa çatan görüşdən sonra Şimal və Cənub arasında təmaslar kəskin azalıb.