logo

 “8-ci km" bazarında kilosu 5 manat 50 qəpiyə mal əti satılır

14:10 20-11-2019 | icon 7392
 “8-ci km" bazarında kilosu 5 manat 50 qəpiyə mal əti satılır

Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci kilometr bazarında reyd keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.

Məlum olub ki, ümumi çəkisi 226 kq mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir. Araşdırma zamanı orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən “Bolluq” marketə gətirilərək satıldığı bəlli olub.

Eyni zamanda həmin ünvanda fəaliyyət göstərən “Vüsal” marketə məxsus “Samrac 1001 xırdavat” adı altında pərdələnmiş anbarda Beyləqan rayon sakini Cəfərov Rəvan Faiq oğluna məxsus mənşəyi məlum olmayan, sümükdən ayrılaraq tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalara qablaşdırılmış orqanoleptik göstəricilərinə görə istehlaka yararsız olan, satış məqsədli, ümumi çəkisi 153 kq ət aşkarlanıb. Həmin ətlərin qiymə halına salınaraq 5 manat 50 qəpiyə satıldığı müəyyən edilib. Məhsullardan götürülən nümunələr laborator analiz üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib, ət məhsulları isə dövriyyədən çıxarılıb.