logo

“Rabitəbank” 26 yaşında yeni imic, loqo və rənglə yola davam deyir

22:27 19-11-2019 | icon 294
“Rabitəbank” 26 yaşında yeni imic, loqo və rənglə yola davam deyir

Noyabrın 19-da  “Boulevard Hotel Baku” 26 yaşlı “Rabitəbank” ASC-nin rebrendinqinə həsr olunan təqdimat keçirilib. YeniAvropa xəbər verir  ki,  tədbirdə çıxış edən “Rabitəbank” ASC-nin İdarə Heyətinin Sədri Elçin Qədimov qeyd edib ki, bundan sonra Bank yeni loqo, yeni rəng, yeni üslub və "Rahat bankçılıq" şüarı ilə yoluna davam edəcək.

Elçin Qədimov bildirib ki, “Rabitəbank” yaşıl rənglərə keçid edərək restayliq deyil, rebrendinq edib. Yaşılın 3 ton palitrasından ibarət olan yeni loqo dayanıqlılıq, inkişaf və rəqəmsallıq anlayışlarını ifadə edir. Loqonun fiqurları isə “Rabitəbank” adında “R” və “B” hərflərinin birləşməsini xatırlatmaqla bərabər, həm də müasir rabitə vasitəsi olan danışıq pəncərəsini (chat bubble) xatırladır.

Qeyd edək ki, "Rabitəbank" ASC 30 iyun 1993-cü ildən fəaliyyət göstərir. Bank 101 milyon 300 min manat nizamnamə kapitalına malikdir. Nizamnamə kapitalının 40,60%-i Rauf Əliyevə, 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 7,60%-I Seyran Nuriyevə, 1,07%-i Aslan Xasiyevə və 0,14%-i 12 hüquqi şəxsə məxsusdur.

Bankda ən çox payı olan Rauf Əliyevin eyni zamanda “Meqa Sığorta” ASC-də 19% payı var.

“Rabitəbank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) dövrünü 7 milyon 621 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur. Cari ilin yanvar - sentyabr dövründə “Rabitəbank”ın cəmi gəlirləri 38 milyon 159 min manat təşkil edib. 

Xatırladaq ki, 30 Sentyabr 2019-cu il tarixində Bankın aktivləri 653 milyon 732 min manat, o cümlədən kredit portfeli 365 milyon 488 min manat  təşkil edib.