logo

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Tacikistandan Türkiyəyə keçib

14:36 09-11-2019 | icon 2156
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Tacikistandan Türkiyəyə keçib

Noyabrın 9-da Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 24-cü iclası işə başlayıb.

 YeniAvropa xəbər verir ki, Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edir.

Əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub.

Sonra Tacikistanın xarici işlər nazirinin müavini Xusrav Noziri və İƏT-in Baş katibi Hadi Süleymanpurun hesabat məruzələri dinlənilib.

Məruzələrindən sonra təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib.

Türkiyənin dövlət himni səsləndirildikdən sonra Nazirlər Şurasının 24-cü iclasını Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aparıb.

Qeyd edək ki, Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Hazırda təşkilatın Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İran daxil olmaqla 9 üzvü var. 1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.