logo

İlin əvvəlindən 1 ton 74 kq narkotik vasitə dövriyyədən çıxarılıb

17:28 06-11-2019 | icon 2394
İlin əvvəlindən 1 ton 74 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Cari ilin doqquz ayında daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən ümumilikdə müxtəlif adda 1 ton 74 kiloqram narkotik vasitə çıxarılıb. 

 YeniAvropa xəbər verir  ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirlərini uğurla davam etdirirlər. Növbəti belə tədbir paytaxtın Maştağa qəsəbəsində keçirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Sabunçu qəsəbə sakini Cahangir Hüseynov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman oradan 7 kiloqram 400 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və bir müddət əvvəl həyətində əkdiyini, xüsusi qulluq göstərərək yetişdirəndən sonra qurutduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu Rayon Polis Şöbəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, cari ilin doqquz ayında daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən ümumilikdə müxtəlif adda 1 ton 74 kiloqram narkotik vasitə çıxarılıb. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 114 kiloqram çoxdur. Həmin narkotik vasitələrin 664 kiloqramı qurudulmuş marixuana, 127 kiloqramı heroin, 168 kiloqramı tiryək, 11 kiloqramdan artığı isə psixotrop maddələr olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və alqı-satqısına qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.