logo

Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq etdi

12:29 06-11-2019 | icon 2100
Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq etdi

Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) prezident İlham Əliyevin paytaxtın meri Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, paytaxtda görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

BŞİH-nin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.

BŞİH-nin başçısı Eldar Əzizov müşavirədə çıxış edərək dövlət başçısının qəbulunda olduğu zaman verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə danışıb. Müşavirədə bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib. Eldar Əzizov deyib: “Şəhər icra hakimiyyətinin və rayon icra hakimiyyətlərinin başçıları prezident İlham Əliyevin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi dövlət başçısının tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq işin forma və metodları dəyişməlidir. Tənqid və özünütənqid normaya çevrilməlidir”.

Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemi kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə dövlət başçısının qanunsuz tikintilərlə bağlı iradları diqqətə çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə rayon icra hakimiyyətlərində və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.

Toplantıda rüşvətxorluq və digər mənfi halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verilib və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

Müşavirədə bir neçə rayonun icra hakimiyyətinin başçısı çıxış edərək, prezidentin iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlər görəcəklərini bildiriblər.