logo

Şəhriyar Məmmədyarov "Grand Chess Tour 2019"da mübarizə aparacaq

21:59 05-11-2019 | icon 2835
Şəhriyar Məmmədyarov "Grand Chess Tour 2019"da mübarizə aparacaq

Noyabrın 6-da Buxarestdə şahmatın rapid və blitz növləri üzrə "Grand Chess Tour 2019" seriyasının növbəti mərhələsi start götürəcək.

YeniAvropa xəbər verir  ki, ölkəmizi bu nüfuzlu turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnirdə, həmçinin rusiyalı şahmatçılar Vladislav Artyomov, Sergey Karyakin, amerikalı idmançılar Fabiano Karuana, Uesli So, hollandiyalı Aniş Giri, hindistanlı Vişvanatan Anand, vyetnamlı Le Kyanq Liem, ukraynalı Anton Korobov, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.

Qeyd edək ki, noyabrın 6-8-də rapid, 9-10-da isə blitz turnirləri keçiriləcək. Yarışın mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, "Grand Chess Tour 2019"un birinci mərhələsi Fil Dişi Sahilinin paytaxtı Abican şəhərində keçirilib. Sonrakı yarışlar iyunun 24-dən iyulun 9-dək Zaqreb, iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luisdə keçirilib. Turnirin növbəti mərhələsi isə bu ayın 20-dən 27-dək Kəlkətə şəhərində baş tutacaq. Yarışın final seriyası noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.