logo

Finlandiya prezidenti səlahiyyət müddətini azaltmaq istəyir

11:15 05-11-2019 | icon 1981
Finlandiya prezidenti səlahiyyət müddətini azaltmaq istəyir

Finlandiya prezidenti Sauli Niinistö bu ölkədə prezidentin səlahiyyət müddətini azaltmaq istəyir.

 YeniAvropa Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Niinistö bu fikrini jurnalistlərə müsahibəsində söyləyib. O deyib ki, prezidentlik müddəti azaldılmalıdır, çünki “hazırda qüvvədə olan 6 illik müddət çox uzundur”.

Hazırda Finlandiya Respublikasının prezidenti 6 ildə bir dəfə birbaşa ümumxalq səsverməsi yolu ilə seçilir. Finlandiya qanunlarına görə, prezidentin bu vəzifədə olmasının ümumi dövrü iki müddətlə, yəni ümumilikdə 12 il ilə məhdudlaşır.

Lakin Sauli Niinistönün fikrincə, dördillik və beşillik müddət ən yaxşı model olar. Bu halda əgər indiki 12 illik müddət saxlanarsa, eyni şəxs 3 dəfə dördillik müddətə, yaxud həmin məhdudiyyət 10 ilə qədər azaldılarsa, 2 dəfə beşillik müddətə təkrar seçilə bilər.

Qeyd edək ki, Finlandiyanın müstəqillik dövrünün çox hissəsində "yarıprezident idarəçilik sistemi" qüvvədə olub. Bu sistemdə prezident həm xarici, həm də daxili siyasətdə böyük səlahiyyətlərə malik idi, lakin XX əsrin sonunda, habelə 1991-ci, 2000-ci və 2012-ci illərdə ölkə Konstitusiyasına düzəlişlər qüvvəyə minəndən sonra prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılıb. Bununla belə, Finlandiya Prezidenti ölkənin xarici siyasətinə hökumətlə birgə rəhbərlik edir və Finlandiya Silahlı Qüvvələrinin Baş Komandanıdır.