logo

Bakı Polisinin mətbuat xidmətinin rəisini ölümlə təhdid edən şəxs tutulub

21:20 04-11-2019 | icon 2310
Bakı Polisinin mətbuat xidmətinin rəisini ölümlə təhdid edən şəxs tutulub

Xəbər verildiyi kimi, bu il sentyabrın 29-da kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb. “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “Facebook” sosial şəbəkəsində özünəməxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.

Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin  YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilir ki, qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə həmin statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və o, saxlanılıb. Onun yaşadığı evə baxış zamanı təklüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid dörd patron aşkarlanaraq götürülüb.

İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün bu məzmunda paylaşım etdiyini etiraf edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.